Rəvayətdən doğulmuş şəhər

  • PDF

Sumqayıt haqqında çoxlu əfsanə, rəvayət vardır. Toponim rəvayətlərin birində deyilir: indiki Sumqayıt şəhərinin yerində qədimdə azərbaycanlılardan ibarət bir tayfa  yaşayırmış. Bu tayfada  bir-birini sevən iki gənc – Sum adlı oğlan, Ceyran adlı gözəl bir  qız varmış.

Tayfanın yaşadığı yerin kənarından böyük bir çay axırmış. Bu çayda peyda olan  əjdaha yaxın düşəni parçalayıb yeyərmiş. Tayfa başçısı əjdahanı rəhmə gətirmək üçün ona  yalvarır. Əjdaha bu yalvarışlardan “insafa” gəlib “güzəştə” gedir. Gün ərzində onlardan  bir adam istəyir.

Beləliklə, əjdahaya gündə bir ailədən adam qurban gedəndə tayfa yasa batır, su  alanda şad-lanır.

Nəhayət, növbə Sumla Ceyranın ailəsinə çatır. Sum deyir: “Mən qurban gedəcəyəm!” Ceyran qəti etiraz edir: “Xeyr, mən gedəcəyəm!” Sum gecə Ceyranı yuxuya  verib yaraqlanır, yasaqlanır, əjdahayla təkbaşına döyüşməyə gedir. Ceyran ayılanda işi  başa düşür. Dəlicəsinə evdən çıxıb özünü hadisə yerinə çatdırır. Görür ki, Sum əjdahanı  öldürüb, özü də ölüb. Sevgilisinin yoxluğuna dözə bilməyib havalanır, onun fəryadı  dağlara-daşlara səs salır:  −  Hardasan Sum? Sum qayıt!...

Ceyran bir gün çöllərdə Sumu axtararkən bataqlığa düşüb boğulur. Ceyranın  ölümündən sonra tayfa yaşadıqları yeri Ceyranın Sumu çağırdığı kimi Sumqayıt  adlandırır. Ceyranın boğulduğu yer isə Ceyranbatan gölü adlanır.

Ədəbiyyatda  toponomiyanın  Sumqayıt, Suqayıt,  Sumqay,  Sukkait   variantları  məlumdur.

İlk dəfə Sumqayıtın adı ingilis səyyahı X.Berrou tərəfindən 1580-cı ildə çəkilmişdir. Alimlərin tədqiqatlarına görə Sumqayıtın ərazisində e.ə. XVII əsrdə fars tayfaları  məskunlaşmışdır. Orta əsrlərdə burada lap dənizin kənarında böyük ticarət yolu uzanırdı. Yaxınlıqdan  axan  çay “Sumqayıt” çay adlanırdı. Bu çayın suyu isti aylarda quruyar, yağışdan sonra əmələ gələrmiş. Buna görə də bəzi mənbələr çayın “Suqayıt”  adlandırılmasını iddia edirlər. Bu fikir rus səyyahı İ.Berezinin fikirləri ilə üst-üstə düşür.  XIX əsrin 40-cı illərində özünün yol qeydlərində qeyd etmişdir: “Sumqayıtın  yaxınlığından çay axır”. Bu çay Baş Qafqaz silsiləsinin cənub yamacından 2000 m   hündürlükdən Dübrar dağının başından tökülür. Dübrar dağı Baş Qafqaz silsiləsində  hündürlüyü 2205 m olan dağdır. Abşeronun şimal-qərbindədir. Azərbaycanın şərqində  Şamaxı rayonu ərazisindən axan Sumqayıt çayın mühüm qolları Çigil və Kəndadır.  Yuxarı axında Quzduçay, Qozluçay, Cəngiçay adlanır. Uzunluğu 198 km-dir. Çayın hər  iki sahilində yerləşmiş karvansaraları XVI–XVII əsrlərə aid edirlər. Məşhur fransız  yazıçısı A.Düma Qafqaza səyahət edərkən (1858-ci il) Sumqayıtın ərazisində yerləşmiş  karvansara haqqında özünün yol qeydlərində yazmışdır: “Bu karvansaraya Şah Abbas  karvansarası deyirdilər...” Karvansaradan əlavə Sumqayıt poçt stansiyasının adını  çəkmişdir. Dənizdən iki kilometr aralıda azərbaycanlıların məskunlaşdığı  çadır düşərgəsi  yerləşirdi. A.Düma düşərgənin artıq xarabazarlığa çevrilmiş karvansaranın yanında,  düzənliyin ortasında salındığını qeyd etmişdir.

Etnoqraf alim A.Hüseynzadənin Abşeron yarımadasının etnik toponomiyaları   haqqında: “Corat, Saray, Sumqayıt” məqaləsindən aydın olur ki, Abşeronda Sumqayıt  adında 4 müxtəlif obyekt olmuşdur: əhali yaşayan məntəqə, mayak, çay, dəmiryol  stansiyası. Şəhərin adı bu çayla bağlıdır.

30-cu illərdən etibarən torpağı öyrənmək üçün ilk ekspedisiyalar gəlmişdir. 1934-cü  ildə Keçmiş İttifaqın Ağır Sənaye Xaıq Komissarlığının kollegiya iclasında kimya, qara  və əlvan metallurgiya müəssisələrinin yerləşdirilməsi üçün ərazi seçmək məsələsi  müzakirə olundu. İstilik Elektrik stansiyası və digər sənaye kombinatlarının  yerləşdirilməsi üçün Bakıdan 40 km aralı, Sumqayıt dəmiryol stansiyasından çox da uzaq  olmayan bir məsafədə torpaq sahəsi məqsədəuyğun hesab olundu. Bu ərazinin seçilməsi  bir sıra xüsusiyyətlərə malik idi: Abşeron yarımadasında iqlim şəraitinin əlverişli olması;  Bakını su ilə təmin edən “Şorlar” su kəmərinin buradan keçməsi; Bakı – Rostov – Moskva dəmiryol xəttinin yaxınlığı.

1936-cı ildən etibarən ilk tikililər-baraklar meydana gəldi. Burada müxtəlif   şəhərlərdən – Moskvadan, Novosibirskidən,  Permdən, Vladivostokdan, Qroznıdan   gəlmiş  gənclər  işçi  qüvvəsi  idi.

1938–40-cı  illərdə ilk sənaye müəssisəsi – İstilik Elektrik Stansiyasının tikintisi həyata keçdi. 13 fevral, 1941-ci il saat 7-yə 10 dəqiqə işləmiş İES-in I generatoru Bakının neft sənayesinə ilk  cərəyan verdi. Bu ərəfədə nəhəng sənaye müəssisələrinin – Boru Prokat, Sintetik  Kauçuk  Zavodlarının  tikintisinə başlanılmışdı.

1941-ci ildə müharibənin başlanması quruculuq işlərinin dayanmasına səbəb oldu. İnşaatçı gənclər dərhal iş paltarını soyunub hərbi libas geyinərək döyüş bölgəsinə yola  düşdülər. Bu gənclərin arasında 1943-cü ildə Krım cəbhəsində göstərdiyi döyüş  rəşadətinə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş  Tambovlu Yakov Mixayloviç Sinyov da var idi. Çərkəz Qurbanov, Mikayıl Ələkbərov  kimi gənclər də döyüşlərdə fərqlənmişlər.

Müharibə illərində A.Hitler özünün “Barbarossa” planına Bakının neft mədənləri  ilə yanaşı, Sumqayıtın Sintetik Kauçuk Zavodunun zəbt olunmasını daxil etmişdir. Çünki  zavodda dünyada ilk dəfə olaraq lebedev üsulu ilə sintetik kauçuk alınacaqdı. Şin,  konveyer lentlərinin və digər rezin məmulatların hazırlanması üçün sintetik kauçuk vacib  xammal idi.  Zavodun idarə olunması üçün A.Hitler hətta Xayo Eylers adlı bir şəxsi  direktor təyin etmişdir.

Sumqayıtın Tarixi Muzeyində qorunub saxlanılan İES-in 1943-cü il hesabatından  məlum olur ki, bu stansiya müharibə illərində özünün qəzasız, fasiləsiz işinə görə  dəfələrlə mükafatlandırılmışdır.1943-cü ildə SSRİ Silahlı Qüvvələrinin Ali Baş   Komandanı İ.Stalin hərbi texnika üçün topladığı 150 min rubl üçün İES-in kollektivinə   təşəkkür teleqramı göndərmişdir.     

Müharibə illərində Sumqayıt ərazisində tikinti işləri davam etdirilmiş, 1943-cü  ildə

M.Əzizbəyov adına Sumqayıt Kimya Zavodunun təməli qoyulmuşdur. 1944-cü ildə isə  tikintisi davam etdirilərək “İnşaat-montaj” hərbi hissəsi yaradılmışdır. 1947-ci ildən “Zaqsənayeinşaatı” Tresti adlanan müəssisənin ilk rəisi gənc zabit M.Y.Krivoruçko idi. Onlarla sənaye obyektlərinin tikintisində bilavasitə iştirak edən trest bir çox qabaqcıl   inşaatçıları üzə çıxarmışdır. Tikinti rəisi  A.Osmanov  (ilk  Sosialist Əməyi Qəhrəmanı – 1958), M.Abdullayev (Sosialist Əməyi Qəhrəmanı – 1966), usta Ş.Ağasiyev    belələrindən   idi.

1945-ci ildə sənayedə daha bir yenilik oldu. “Ximprom” adlanan indiki Səthi   Aktiv Maddələr Zavodunda ilk məhsul – kaustik soda alınmişdır. Sintetik duz turşusu,  depressator alınan sexlər zavodda işə buraxılan istehsalatlardandır.

Sənaye obyektləri ilə yanaşı, elm, təhsil müəssisələri tikilməyə başladı. Bakının   Sumqayıt rayonunun 145  saylı məktəbi kimi qeydə alınmış 2 saylı məktəb – TETG    1946-cı ildə yarandı.

1946–49-cu illərdə sənayenin aparıcı müəssisəsi hesab olunan Boru Prokat  Zavodunda (1960-cı ilədək Bakı Prokat  Zavodu, 20 aprel 1969-cu il tarixli fərmana   əsasən, V.İ.Lenin adına Azərbaycan Boru Prokat Zavodu adlanmışdır) 3 əsas sex (marten,  boru-prokat və prokat), habelə köməkçi sexlər (tökmə, buxar-güc, oksigen, mexaniki-təmir   sexləri) istifadəyə verilmişdir.

20 yanvar 1949-cu ildə zavodda ilk çuğun ərintisi alınmışdır. Həmin ildə əlvan metallurgiyanın ilki – Alüminium Zavodunun tikintisi başlanmışdır. Tikintidə başlıca   obyektlər yardımçı sahələrdən – dəmiryolu xətlərindən, mexaniki-təmir bazasından və   mənzil-məişət obyektlərindən ibarət idi.

Sənaye müəssisələrinin tikintisi Sumqayıt rayonunu o qədər genişləndirdi ki,   Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə 22 noyabr, 1949-cu ildə Sumqayıt  respublika tabeliyində olan şəhərlər kateqoriyasına daxil edildi. Əgər 1939-cu ildə  Sumqayıtın əhalisinin sayı 6 400 nəfər idisə, artıq 1949-cu ildə bu rəqəm 17 200 nəfər  olmuşdur.

50-ci illərdə zavod müəssisələrinin fəaliyyətində bir sıra yeniliklər nəzərə  çarpmışdır. 1952-ci ildə neft kimya sənayesinin ilki Sintetik Kauçuk Zavodu işə  başlamışdır. 14 avqust 1952-ci ildə bu müəssisədə neft daşlarından etil spirti alınmışdır.  Həmin ilin sentyabrında ilk Azərbaycan sintetik kauçuku alınmışdır. İlin sonunda –             31 dekabrda qara metallurgiyanın ilki Boru Prokat Zavodunda ilk stan “140” borular  vermişdir. 23 oktyabr, 1953-cü ildə marten sexi ilk polad ərintisi verdi. Tanınmış   poladəridən Allahverdi Süleymanov,  ilk qadın metallurq Zəminə Həsənova idi. Əlvan  metallurgiyanın ilki SAZ-ın fəaliyyətində yeniliklər baş verdi..1952-ci ildən etibarən  müəssisənin əsas təyinatını müəyyən edən əsas istehsalat sexlərinin – elektroliz sexinin və civədüzləndirici  yarımstansiyasının tikintisinə başlanmışdır.

8 mart, 1955-ci ildə ilk məhsul - əlvan metal külçəsi alınmışdır. Əsas texnoloji  prosesin mahiyyəti gil-torpağın fluorid duzlarında elektrolizi yolu ilə alüminium  almaqdan ibarət idi.

1957-ci ilin iyulunda stan  “700” istifadəyə verildi. Həmin ilin sentyabrında ilk  kauçukun alınması Sumqayıtın sənaye həyatında əlamətdar hadisə idi.

Sumqayıt Aşqarlar Zavodu – neft emalı və neft kimyası sənaye müəssisəsidir ki,  keçmiş İttifaqda aşqar istehsalına görə ən böyük zavod idi. 1957-ci ildə Bakı neftayırma   zavodu tərkibində Sumqayıtda aşqar istehsal edən Az.Nİİ–7 qurğusunun təməli   qoyulmuşdur. Elə həmin ildə “NeftKimyaavtomat” Elmi – Təqiqat Layihə İnstitutu   yaradılmışdır. Elm sahəsi ilə yanaşı, mədəniyyət sahəsində də dönüş yarandı. 1958-ci  ildə  S.Vurğun adına Mədəniyyət Evi  (ilk m / e  –  C.Cabbarlı adına Mədəniyyət  Evidir – 1951-ci  il) istifadəyə verildi.

M.Əzizbəyov adına Sənaye  İnstitutunun filialı 1958-ci ildə açıldı.

1958-ci ilin noyabr ayında tikilməyə başlayan Sumqayıt “Superfosfat” Zavodu  Zaqafqaziyada fosfor gübrəsi istehsal edən yeganə müəssisə hesab olunurdu. Həmin ildə  Kərpic Zavodu istifadəyə verilmişdir.

1958-ci ildə keçirilən Sov.İKP MK-nın plenumunda SSRİ-də kimya sənayesinin  vəziyyəti və inkişafı məsələsi müzakirə edilmişdir. Müzakirədən bir ay sonra Sumqayıtda  neft kimya kompleksinin yaranması işinə başlandı. Nəqliyyat sahəsində yeniliklər bir-birini əvəz edirdi. Belə ki, 1958-ci ildə elektrik qatarı, 1959-cu ildə isə ilk tramvay işə  düşdü.  

1959-cu ildə şəhərin ictimai–sosial həyatında mühüm rolu olan Sumqayıt Şəhər  İcra Hakimiyyətinin binası (Şəhər komitəsi) və “Rabitə Evi” istifadəyə verildi.  Məhəllələrlə yanaşı, (ilk məhəllə − 16) mikrorayonlar şəhər əhalisinin ixtiyarına verildi.  1961-ci  ildən 1-ci mik-on tikilməyə başladı. Elə həmin ildə ilk trolleybus xəttə gəldi.

Sumqayıtı həm də elm, maarif ocağı kimi tanımaq, tanıtmaq olar. 1959-cu ildən  etibarən Kimya–Texnologiya Texnikumu (ilk texniki peşə məktəbi 1949-cu ildə  yaranmışdır) şəhərin kimya müəssisələrini ixtisaslı kadrlarla  əmin edir.

Şəhərin mədəni həyatında müstəsna rolu olan N.Nərimanov adına  M / E 1959-cu  ildən fəaliyyətə başlayıb. Bir il öncə şəhərsalma layihəsrində 23 hektar dənizkənarı sahəni  əhatə edən ərazidə mədəniyyət və istirahət parkı yaradıldı. Burada Abşeron   yarımadasının  iqliminə uyğun 39 növ ağac –  küləyə, quraqlığa davamlığı olan Eldar və  Alp şamları, Ağcaqayın, Akasiya, Küknar, Qovaq cərgələrə düzülmüşdür. Şəhərin hər bir  sakininə 20 kv.m. yaşıllaşdırma payı düşmüşdür.

1959-cu il dekabrın 1-də Sumqayıt radio verilişləri şəbəkəsinin ilk verilişinin efirə  çıxması şəhərin siyasi həyatında əlamətdar hadisə oldu. Artıq şəhər əhalisi zəruri   informasiyanı təkcə mətbuat (“Sosialist Sumqayıtı” qəzetinin ilk nömrəsi 1952-ci ildə  nəşr olunmuşdur) vasitəsilə deyil, eyni zamanda, radio vasitəsilə əldə edirdi.

1960-cı ildə Kimya Kombinatının tikintisi başlandı. Kombinat Kimya Zavodları   sexlərinin kompleksini təşkil edirdi. Burada – polietilen fenol, benzol məhsullarından  istifadə olunurdu. 1963-cü ildə ilk texnoloji obyekt – qazı fraksiyalara ayıran qurğu işə  düşdü. 1965- ci ildən kombinat Neft – Kimya kombinatı adlandırıldı. 60-cı illərdə Kimya  kombinatı ilə yanaşı, Şüşə  Zavodu (1963) və Superfosfat Zavodu (1964) istismara verildi.

Sumqayıtın inkişafında sosialist yarışları əhəmiyyətli yer tuturdu. İlk Sosialist  Əməyi qəhrəmanı 1 saylı tikinti trestində rəis vəzifəsində çalışan Aslan Osmanov (1958) idi. Yüksək istehsalat göstəricisi əldə etdiyinə və ictimai fəallığına görə ilk metallurq  qadın Zəminə Həsənova 1960-cı ildə bu ada layiq görülmüşdür.

1966-cı ildə yeddiillik planı qabaqcadan yerinə yetirdiyinə görə Tofiq Kərimov (Boru – Yayma Zavodu ), Əsəd Məmmədəliyev (SAZ), qurğu rəisi Şəmşad Pənahov (Sintez Kauçuk Zavodu), Məzahir Abdullayev (1 saylı trest) “Sosialist Əməyi Qəhrəmanı”  adına layiq görülmüşlər.

Sumqayıtı yalnız iri sənaye mərkəzi hesab etmək düzgün olmaz Sumqayıta elm,  maarif ocağı, mədəniyyət və istirahət mərkəzi kimi baxsaq, səhv etmərik.

1966-cı ildə yaradılmış, 10 000 tamaşaçı tutan M.Hüseynzadə adına stadion  şəhərin  idman həyatı üçün əhəmiyyətlidir.

1967-ci ildə təşkil olunmuş Sumqayıt Şəhərinin Tarixi Muzeyi Azərbaycan SSR  Nazirlər Sovetinin 13 mart, 1967-ci il tarixli 13 saylı sərəncamı ilə yaradılmışdır. 1500  eksponatla şəhərin 18 illik həyatına, sənayenin, təhsilin, səhiyyənin, mədəniyyətin, dostluq  əlaqələrinin inkişafına az da olsa işıq sala bilmişdir.

1968-ci ildə M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli Şah” pyesinin   tamaşası ilə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrının açılışı oldu. Teatrın  repertuarına klassik və müasir Azərbaycan, rus, xarici ölkə dramaturqlarının pyesləri  daxildir. Teatrda bir müddət xalq artistləri – R.Əfqanlı, B.Şəkinskaya, əməkdar incəsənət  xadimi M.Fərzəlibəyov işləmişlər.A.Bəşirqızı, V.Kərimov, H.Mehbalıyeva, K.Abdullayev bu teatrda püxtələşmişlər.

1969-cu il sentyabrın 1-də Sumqayıt Tibb Məktəbi öz qapılarını tələbələrin üzünə  açdı.

70-ci illərdə Sumqayıt bir sıra şəhərlərlə − Rumıniyanın Piteşti (1971), Ukraynanın  Çerkassı (1972) şəhərləri ilə mədəniyyət, elm, idman sahələri üzrə qarşılıqlı dostluq və  əməkdaşlıq əlaqələri yaratdı.

Gənclik şəhəri Sumqayıt gənclərin əli ilə qurulur, böyüyür, inkişaf edirdi. Kimya,  metallurgiya sənayesi müəssisələrinin tikintisində və inkişafında komsomolçu gənclərin  xidmətlərini nəzərə alan SSRİ Ali Soveti Rəyasət Heyəti 1972-ci ildə fərman  imzalamışdır. Fərmana  əsasən, Sumqayıt Şəhər Komsomol Təşkilatı Qırmızı Əmək  Bayrağı Ordeni ilə təltif olunmuşdur.

1971–1972-ci illərdə “Nippon Elektrik İndustri” şirkətinin lisenziyası və   avadanlığı bazasında dəqiq maşınqayırma müəssisəsi − Sumqayıt Kompressorlar Zavodu   tikilib  istifadəyə verildi.  Zavod  əsasən, soyuducular və dondurucular üçün motor – kompressor istehsalı üzrə layihələndirilib ixtisaslaşdırılmışdır.

70-ci illərdə Sumqayıtda 185 müəssisə hesaba alınmışdır ki, burada 244 adda  məhsul istehsal olunurdu. Onlardan 44-ü keyfiyyət nişanına layiq görülmüşdür. Müəssisələrdə  istehsal gücü xeyli artmışdı. Azərbaycan Boru – Prokat Zavodunda altı   marten sobası, iki yayma stanı  (“850” və “750” ölçülü) və üç boru - yayma stanı (bir  ədəd  “140” və iki ədəd “250” ölçülü) işləyirdi. Sumqayıt Alüminium Zavodunda məhsul  buraxılışının həcmini artırmaq məqsədilə civədüzləndiricilər silisium–düzləndiricilərlə  əvəz edilmiş, gil-torpağın vaqonlardan boşaldılması və elektrolizlərə verilməsi üzrə  avtomatlaşdırılmış sistem tətbiq edilmişdir.

Ümummilli lider H.Əliyev dəfələrlə Sumqayıtda səfərdə olmuşdur. 1971-ci ildəo,  Az.KP MK-nın I katibi kimi Sumqayıta gəlmiş,  Üzvi – Sintez Zavodunda sexləri  gəzərək  məhsul buraxılışı ilə tanış olmuşdur. Məhz  H.Əliyevin tapşırığı  ilə 1973-cü ildə  şəhərimizdə Üst Trikotaj və Xovlu İplik Fabrikləri istifadəyə verilmişdir. 1973–74-cü  illərdə Sumqayıtda səfərdə olan H.Əliyev Az.Boru Prokat Zavodunda, Sumqayıt Kimya  sənayesi istehsalat birliyində sexləri gəzərək sənayenin inkişafı naminə öz tapşırıq və  tövsiyələrini vermişdir. 1975-ci ildə H.Əliyevin Sumqayıtın kimya sənayesində EP – 300  qurğusunun tikilməsi haqqında təklifi qəbul olunur, 1980-ci ildə tikinti işlərinə başlanılır.  Lakin məlum səbəblərdən iş axıra çatdırılmır.

80-ci illərin sonlarına doğru şəhərimiz tarixi sınağa çəkildi. Ömrümün 39-cu  baharında “fevral hadisələri”-ni yaşadı, 5 günahsız qurban verdi. 1988-ci ildə başda Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçov olmaqla erməni millətçiləri Dağlıq Qarabağı  Ermənistana birləşdirməklə “Böyük Ermənistan” yaratmaq xülyası ilə erməni  genosidi”  törətmək üçün Sumqayıtı ən əlverişli məkan hesab etdilər. Bu məqsədlə də 27–29  fevralda şəhərdə qanlı cinayətlər törətdilər. Hadisə zamanı 32 nəfər öldürüldü. Onlardan  26-sı erməni idi. 400 nəfər bədən xəsarəti aldı. Hadisə zəminində 200 mənzil, 50  mədəni-məişət obyekti dağıdıldı.

Qanlı aksiyalar Qarabağ uğrunda elan edilməmiş müharibənin başlanğıcı oldu. Bu  savaşda Sumqayıt 600-ə yaxın şəhid qazandı. Onlardan 367-si dəniz kənarındakı əbədi   məskəndə “Şəhidlər Xiyabanı”-nda uyuyur.   

İ.Nəsimi adına mədəniyyət və istirahət parkında Şəhidlərin xatirəsinə ucaldılmış  monument (1988–90)  “Ulduzlar” heykəltəraşlıq nümunəsi, şəhərin hər bir guşəsində  şəhidlərin xatirəsini əks etdirən lövhələr, komplekslər Sumqayıtı qəhrəman şəhərlər  sırasına daxil etməyə imkan verir.

Ölkə daxilində baş verən ictimai-siyasi hadisələr Sumqayıtın iqtisadiyyatına da öz  mənfi təsirini göstərdi.

90-cı illərdə məlum səbəblərdən sənaye müəssisələrində istehsal prosesi pozuldu. Müəssisələrin fəaliyyətinin bərpası və gələcək inkişafı üçün böyük məbləğdə sərmayə  qoyuluşu tələb olunurdu. Əlvan metallurgiyanın ilki – Sumqayıt Alüminium Zavodu  1992-ci ildən etibarən yalnız 10% istehsal gücündə işləyirdi. 1997-ci ildə isə tamamilə öz  fəaliyyətini dayandırdı.

Respublikada alüminium sənayesinin fəaliyyəti, inkişafı, genişlənməsi məqsədilə  Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 25 aprel, 2000-ci ildə imzaladığı 398  saylı fərmana əsasən, “Azəralüminium” ASC yaradıldı. Burada 3 müəssisə − zəylik alunit  mədəni, Gəncə Alüminium Oksidi Zavodu və Sumqayıt Alüminium Zavodu birləşmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 31 mart, 2001-ci il tarixli sərəncamına  əsasən, “Azəralüminium” ASC-nin istehsalat sahələrində istifadə və idarə olunma haqqı  25 il müddətinə Hollandiyanın “Fondel Metal Partisipations” B.V. şirkətinə həvalə edildi.

2002-ci ilin noyabr ayında “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”-na uyğun olaraq qara metallurgiya sənayesinin  aparıcı müəssisəsi hesab olunan “Azərboru” ASC-nin səhmlərinin satışı üzrə keçirilmiş  investisiya müsabiqəsində Böyük Britaniyanın “Tarqol İnvestment Limited” şirkəti qalib  gəldi. Şirkətin “Azərboru” ASC-də həyata keçirəcəyi investisiya layihəsinə istehsal  sahələrinin bərpası və genişləndirilməsi, məhsulun keyfiyyətinin dünya standartlarına  uyğunlaşdırılması daxil edildi.

İqtisadiyyatla yanaşı, şəhərin maarif sahəsində də yeniliklər bir-birini əvəzləyirdi.

2001–2002-ci illərin  “təhsildə keyfiyyət ili” elan edilməsində Sumqayıt təhsil  işçilərinin rolu danılmazdır.

2002-ci tədris ilində baş verən yeniliklərdən biri Sumqayıt Texnologiya Texnikumunun “Sumqayıt Dövlət Texniki Kolleci” kimi fəaliyyət göstərməsidir. Şəhərimizdə ixtisaslı kadrların hazırlanmasında müəyyən xidməti olan Pedaqoji Seminariya 2003-cü ildən etibarən, “Sumqayıt Özəl Orta İxtisas Kolleci”  adını daşıyır.

Şəhərin idman həyatındakı yeniliklər də sadalayacaq dərəcədə çoxdur. Şəhərdə  bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətini həyata keçirən Gənclər və İdman baş  idarəsi (1995-ci il) bu sahənin inkişafı, əhalinin sağlam həyat tərzinə cəlb olunması üçün  yarışlar, spartakiadalar keçirir. Sumqayıtda “Təhsil” Sumqayıt İdman Mərkəzi, “Zenit”, “Spartak”,  “Kimyaçı” İdman Cəmiyyətləri, “Polad”, “Xəzər”  İdman Kompleksləri və s. fəaliyyət göstərir ki, hal-hazırda burada 10 000-ə  yaxın yeniyetmə və gənc idmanın 24 növü üzrə məşğul olurlar.

Sumqayıt yarandığı gündən sənaye şəhəri kimi tanınıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2004–2008-ci illər) təsdiq edilməsi haqqında”  11 fevral 2004-cü il tarixli fərmanı və bu fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi şəhərimizin iqtisadi durumuna müsbət təsir göstərir. Sənaye müəssisələrinə  investisiya qoyuluşu durmadan artır. Sənaye sektorunda hazırda 27 Səhmdar Cəmiyyət fəaliyyət göstərir. Respublikada istehsal olunan ümumi sənaye məhsulunun 10–12 % Sumqayıtın payına düşür.

Sumqayıt durmadan inkişaf edir. Şəhərin səhiyyəsinə, mədəniyyətinə və digər sahələrinə diqqət gündən-günə artır.

Dostluq əlaqələrinin yaradılması, inkişafı yolunda atılan addımlar öz bəhrəsini verməkdədir. Bu işdə istər Sumqayıt Şəhər İcra Hakimiyyəti, istərsə də 1999-cu ildən  şəhərin ictimai-sosial həyatında müstəsna rol oynayan Sumqayıt Şəhər Bələdiyyəsi yorulmadan çalışır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Çinin Cucou (2003), İtaliyanın Bari (2004), Türkiyyənin Ceyhan (2005) şəhərləri ilə, Sumqayıt Şəhər Bələdiyyəsi Çinin Çənçin,  Türkiyənin İstanbul şəhərinin Eminönü və Şimali Kipr Türk Respublikasının Tatlısu bələdiyyələri ilə dostluq əlaqələrinin yaradılması haqqında razılaşma sənədi imzalamışlar.

2007-ci ildə dostluğun yeni ünvanı Belarusiyanın Mogilyov şəhəri oldu. Gürcüstanın Rustavi şəhəri ilə dostluq əlaqələri bərpa olundu. 

Avstriyanın Lints, İtaliyanın Genuya şəhərləri ilə saziş layihəsi razılaşdırılmışdır. Bundan əlavə, Qazaxstanın Aktau şəhəri ilə partnyorluq əlaqələrinin yaradılması üçün  ilk  addımlar atılmışdır.

Ümumiyyətlə, Xəzərə sirdaş Sumqayıt hər bir sahədə-iqtisadi, mədəni, idman sahələrindəki uğurlarına görə paytaxtdan sonra ikinci yeri  tutur.